box-img
UNEC İqtisadi Forumu-2021: Nobel mükafatı laureatı Əziz Səncər alimlərlə görüşüb
  • Bakı
  • 02.12.21

Dekabrın 1-də dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu-2021 öz işinə başlayıb. “Gülüstan” sarayında təşkil olunan UNEC İqtisad Forumu çərçivəsində Qarabağ Dirçəliş Fondunun və UNEC Dizayn məktəbinin təşkil etdiyi rəsm sərgisinə baxış keçirilib.

Forumun açılışında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

UNEC-in rektoru, professor Ədalət Muradov çıxış edərək forum çərçivəsində ilk tədbirin dünya şöhrətli alim, Nobel mükafatçısı Əziz Səncərin gənc tədqiqatçılar ilə görüşünə həsr edildiyini bildirib. Rektor alimin həyat yolundan, elmi fəaliyyətindən söz açıb, onu hər kəsə örnək olan şəxs kimi səciyyələndirib.

Forumun devizinin “Zəfər yolu” oldu­ğunu diqqətə çatdıran professor Ədalət Muradov bu gün hər bir azərbaycanlının ürəyinin qürurla döyündüyünü, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində xalqımızın qələbə sevincini yaşadığını deyib. Rektor ölkəmizin hərb meydanında əldə etdiyi zəfəri, elm sahəsində də əldə edəcəyini, forumun bu istiqamətdə mühüm töhfələr verəcəyini vurğulayıb.

Tədbirdə çıxış edən Nobel mükafatı laureatı, professor Əziz Səncər yenidən Azərbaycana gəlməkdən məmnunluğunu ifadə edərək, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfərdən söz açıb: “Qarabağ hamımızın könlündədir. Qarabağ zəfəri ilə Azərbaycan çox şeyi bacardı. Qarabağ qələbəsi asanlıqla qazanıl­madı, çoxlu şəhidlər verdik. Bütün türk dünyası şəhidlərə minnətdardır. Azadlıq verilmir, azadlıq qazanılır. Kimsə başqa bir dövlətin torpağını işğal edərək uzun illər bunu dünyaya qəbul etdirə bilməz. Azərbaycanlı qardaşlarımız Qarabağı azad etməklə bütün dünyaya dərs verdilər”.

Gənc alimlərlə təcrübəsini bölüşən professor Əziz Səncər elmi fəaliyyətindən, Nobel mükafatı qazanılması yolundakı çalışmalarından bəhs edib. Alim uşaqlara erkən yaşlarından təcrübə aparmaq bacarıq­larını öyrətməyin vacibliyindən danışıb: “Dünya ilə yarışmaq üçün bumeranq yaratmalıyıq. Təməl bilik önəmlidir. Bundan başqa, qızlara da oğlanlarla bərabər eyni təhsil fürsətləri verməliyik, erkən yaşlarda təcrübələrini reallaş­dırmağa imkan yaratmalıyıq. Siyasət və elm bir-birindən fərqləndirilməlidir. Elm adamlarına imkanlar yaradılma­lıdır. Elmlə məşğul olmağa başladıq­da, bu şəxslərə azadlıq, müstəqillik verilməlidir, onlara “bunu et, onu et”, deyilməməlidir”.

Böyük maraqla qarşılanan çıxışdan sonra Əziz Səncər iştirakçıların sualları­nı cavablandırıb.

Forum “Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar” mövzusuna həsr olunan panel çıxışları ilə davam edib.